Böyük rejissorun teatr dünyası

 

Tofiq Kazımov - 90

      

   İyunun 18-də Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan milli teatr sənətinin parlaq simalarından biri - görkəmli rejissor, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Kazımovun 90 illiyinə həsr olunmuş xatirə gecəsi keçirildi.

   Gecədə Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Prezident Adminstrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, millət vəkilləri, dövlət və hökumət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, teatrsevərlər iştirak edirdilər.

   Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində Tofiq Kazımovun ömür yolundan, yaradıcılığından, səhnə həyatı verdiyi tamaşalardan bəhs edən fotosərgi ilə tanış oldular.

   Yubiley gecəsində sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə, Xalq artisti, professor Amaliya Pənahova, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, Milli Dram Teatrının direktoru, sənətşünaslıq elmləri doktoru, professor İsrafil İsrafilov, xalq artistləri Fuad Poladov, Şükufə Yusupova, Rafael Dadaşov çıxış edərək görkəmli rejissorun sənət yolundan və zəngin yaradıcılıq axtarışlarından söz açdılar.

   Bildirildi ki, Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaradılması, inkişafı və formalaşması Tofiq Kazımovun adı ilə bağlıdır. Tofiq Kazımov 1923-cü il yanvarın 14-də Bakı şəhərində tanınmış teatr xadimi, şair Səməd Mənsurun ailəsində dünyaya göz açıb. Səməd Mənsur Bakıda mövcud olan bir sıra mədəni-maarif cəmiyyətlərinin, teatr truppalarının rəhbərlərindən idi.

   Tofiq Kazımov Bakı Teatr Texnikumunda, A.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil alıb. Hələ tələbə ikən Ağdam Dövlət Dram Teatrında H.Qasımovun “Kür sahilində” əsərinə quruluş verib, 1951-ci ildə Akademik Dram Teatrında “Ailə namusu” (H.Muxtarov) tamaşasını hazırlayıb.

   İnstitutu bitirdikdən sonra Dövlət Gənc Tamaşaçılar Teatrına baş rejissor vəzifəsinə təyin olunub. Bu teatrda çalışmaqla yanaşı, 1957-ci ildə Rus Dram Teatrında Ə.Məmmədxanlının “Şərqin səhəri”, 1961-ci ildə isə Musiqili Komediya Teatrında “Qızılaxtaranlar” (T.Quliyev, H.Seyidbəyli) əsərlərinə quruluş verib.

   1964-cü ildə Azərbaycan Dövlət Akademik Dram Teatrına baş rejissor təyin olunan sənətkar öz yaradıcılığı ilə bu günədək yaşayanTofiq Kazımov məktəbi”ni yaradıb. Teatrın səhnəsində «Lənkəran xanının vəziri», «Müsyö Jordan və dərviş Məstəli şah» (M.F.Axundzadə), «Ölülər» (C.Məmmədquluzadə), «Aydın» (C.Cabbarlı), «Pəri cadu» (Ə.Haqverdiyev), «Qılınc və qələm» (M.Ordubadi), «AntoniKleopatra», «Fırtına», «Hamlet» (V.Şekspir), «Vassa Jeleznova» (M.Qorki), «Mariya Tüdor» (V.Hüqo), «Sən həmişə mənimləsən», «Unuda bilmirəm», «Məhv olmuş gündəliklər» (İ.Əfəndiyev) və s. tamaşalara verdiyi quruluşlar ölkəmizin teatr həyatında əsl hadisəyə çevrilib. Bu tamaşalar ritmi və dinamikası, məzmun və forma vəhdəti, improvizə meyli ilə tamaşaçıların rəğbətini qazanıb.

   Sənətdə qazandığı uğurlara görə Tofiq Kazımov Əməkdar incəsənət xadimi (1961), Xalq artisti (1974) fəxri adlarına layiq görülüb. V.Şekspirin «AntoniKleopatra» (1965), Anarın «Şəhərin yay günləri» (1979) əsərlərinin tamaşalarına görə Dövlət mükafatı ilə təltif olunub.

   Gecədə Tofiq Kazımovun quruluş verdiyi tamaşalardan parçalar nümayiş olundu.

   Tədbir çərçivəsində Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilovunTofiq Kazımovun rejissor dərsləri” kitabının və rejissorun 90 illik yubileyinə həsr olunmuş DVD disk təqdim edildi.

   Yubiley gecəsi barədə geniş reportajı növbəti sayımızda təqdim edəcəyik.

  

   Təranə Vahid

 

Mədəniyyət.- 2013.- 19 iyun.- S. 2.